Əcnəbilərin iştirakı ilə keçirilən maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir təşkil edilib.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirə çıxış edən xidmətin əməkdaşı Tural Bayramov muxtar respublikanın inkişafı və miqrasiya prosesləri barədə danışıb. Bildirilib ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlib, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin diyarımıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini daha da artırıb. Bu baxımdan muxtar respublikada miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barədə ətraflı məlumat verilərək qeyd edilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar nəzərdə tutulub. Təbii ki, bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyətə malikdir.
Tural Bayramov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda, miqrasiya qanunvericiliyi bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan miqrantların muxtar respublikada təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquqları, vəzifələri, o cümlədən miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da daim diqqətdə saxlanılan prioritet məsələdir.
Çıxışlar, təqdim edilən slaydlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndilirib.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbilərə maarifləndirici bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.