ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Ədliyyə naziri Fikrət Məmmədov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri cənab Çjan Qotszyanı onun xahişi ilə qəbul etmişdir.
Azərbaycanda diplomatik xidmət müddətini başa vuran səfiri səmimi salamlayan ədliyyə naziri ölkələrimizin dostluq əlaqələrinin, xüsusilə hüquqi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmiş, bu işdə ÇXR səfirliyinin və şəxsən səfir Çjan Qotszyanın mühüm xidmətlərini razılıq hissilə qeyd etmiş, ona uğurlar arzulamışdır. Nazir hüquqi sahədə əməkdaşlıq çərçivəsində ÇXR-də rəsmi səfərlərdə olduğunu məmnuniyyətlə xatırladaraq, ölkəmizin nümayəndə heyətinin yüksək səviyyədə, xüsusi hörmətlə qarşılandığını qeyd etmiş və bunu Çin xalqının və dövlətinin Azərbaycana rəğbətinin təzahürü kimi dəyərləndirmişdir.
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan islahatların müsbət nəticələrindən danışan nazir hüquqi sahədə əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilə layihəsinin razılaşdırılması işinin sürətləndirilməsinin, ədliyyə orqanları arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Səmimi qəbula və fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirən səfir ölkələrimizin hüquqi sahədə əməkdaşlığının hər iki tərəf üçün faydalı olduğunu söyləmiş Fikrət Məmmədovun hələ Baş Prokurorun müavini olarkən ÇXR ali Xalq Prokurorluğu ilə əməkdaşlığın təməlinin qoyulması sahəsindəki xidmətlərini xüsusi qeyd etmişdir. Səfir həmçinin, Azərbaycanda çalışdığı ilk günlərdən qonaqpərvərlik və dostluq münasibətləri ilə qarşılandığını bildirmiş, ölkəmizdən ən xoş xatirələrlə ayrıldığını, burada yaşadığı və işlədiyi illəri daim məmnunluq hissilə xatırlayacağını vurğulamışdır.