ƏFQANISTANDA NARKOTİK ALVERİ: VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU VARMI?
Avropada istifadə edilən heroinin, az qala, 100 faizi Əfqanıstanda istehsal olunur. Ekspertlərin məlumatına görə, Latın Amerikasının narkotik alverçiləri öz əfqan “həmkarlarının” köməyindən məmnuniyyətlə istifadə edərək, onlardan ucuz xammal, bəzən isə hazır heroin də alırlar.
Hazırda Əfqanıstanda hakimiyyət antitalib koalisiyasının əlindədir. Buna baxmayaraq, narkotik istehsalı getdikcə artır. Ekspertlərin fikrincə, Əfqanıstan narkodövlətə çevrilmək təhlükəsi qarşısındadır. Koalisiya qüvvələrinin ayrı-ayrı rayonlarda apardıqları hərbi əməliyyatlar hələlik öz səmərəsini verməmişdir. NATO sülhməramlılarına gəldikdə isə, BMT mandatına uyğun olaraq, onların terrorizmə və narkotiklər alverinə qarşı mübarizə aparmaq səlahiyyəti yoxdur.
Hazırda Əfqanıstanda təkcə kəndlilər və narkotika alverçiləri deyil, həm də böyük işsizlər ordusu ÜDM-in 60 faizini təşkil edən narkotik ticarəti sayəsində dolanırlar. Tiryək xammalı bir neçə saata yığılır. 1,5 hektar sahədə təxminən 20 adam işləyir və onlara saatda 20 dollar məbləğində əməkhaqqı verilir. Ölkədə 80 min hektardan çox sahədə xaş-xaş əkilmişdir, bu isə 8 milyon iş yeri deməkdir. Yığımın hər 15-20 gündən bir təkrar olunduğunu nəzərə alsaq, ölkə daxilində dövriyyənin həcmini təsəvvür etmək mümkündür.
Üstəlik hələ tərksilah edilməmiş səhra komandirləri də xaş-xaş əkilmiş sahələrdən əldə edilən gəlirin 10 faizini götürürlər. Bütün bunları nəzərə alaraq, əhalinin narkotiklərlə mübarizəyə münasibətinin necə olduğunu təsəvvür etmək çətin deyildir. Lakin bu mübarizədə yaranmış iradəsizlik zəncirini qırmaq üçün BMT mandatı ilə güc əməliyyatlarının keçirilməsi çox vacibdir.