Əhalinin kütləvi tibbi müayinələrə cəlb olunması vətəndaşlarımızın sağlamlığının qorunmasına dövlət qayğısının təzahürüdür
Siyəzən, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Regionlarda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır: yeni səhiyyə ocaqları inşa edilir, mövcud binalar əsaslı şəkildə təmir olunur. Dövlətimizin başçısının əhalinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tapşırıq isə vətəndaşlarımızın sağlamlığının qorunmasına dövlət qayğısının təzahürüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə martın 15-də Siyəzən Regional Diaqnostika Mərkəzində ölkə əhalisinin kütləvi tibbi müayinələrdən keçirilməsi ilə bağlı şimal regionunda görülən işlərə həsr olunmuş regional konfransda bildirilib.
Səhiyyə Nazirliyinin nümayəndələrinin, Siyəzən, Şabran və Xızı rayonundakı səhiyyə ocaqlarının rəhbər şəxslərinin və tibb işçilərinin iştirak etdiyi tədbirdə tibbi müayinələrin əhəmiyyətindən danışılıb, dispanserizasiya prosesinin gedişi barədə ətraflı məlumat verilib.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Müayinələr zamanı xəstəlik aşkar edilən şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunur, digər sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.
Siyəzən Regional Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov bildirib ki, səhiyyə ocağının ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilməsi sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır. Belə bir səhiyyə aksiyasının təşkil olunması bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir.
Siyəzən, Xızı və Şabran rayonlarının mərkəzi xəstəxanalarının rəhbərləri tibbi müayinələrin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, səhiyyə ocaqlarında çalışan tibb işçilərinin aksiyada fəal iştirak etdiklərini vurğulayıblar.
Konfransda bildirilib ki, müayinələrlə əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərdən ibarət qrupları müntəzəm olaraq regionlara ezam edilirlər.
Növbəti regional tədbir martın 16-da Quba Tibb Kollecində keçiriləcək.