“Ekol Mühəndislik Xidmətləri” QSC Ağ Şəhər ərazisində yeni layihənin icrasına başlamışdır
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2010-cu ildən başlayaraq Bakı Ağ Şəhər layihəsində yaxından iştirak etməkdədir. QSC layihə ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın və neft məhsulları ilə çirklənmiş torpaqların çıxarılaraq şəhərin hüdudlarından kənara daşınması işlərini uğurla yerinə yetirir. Eyni zamanda layihə ərazisindəki gölməçələrdə yığılmış sənaye çirkab sularının nəqli işləri də QSC-yə həvalə edilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, Heydər Əliyev adına Bakı neft emalı zavodu (BNEZ) ilə bağlanmış müqaviləyə əsasən hazırda QSC-nin tullantıların emalı departamenti Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən, BNEZ-nun köhnə çənlər parkı sahəsindəki gölməçədən sənaye çirkab sularının boru xətti vasitəsilə təyin edilmiş yerə nəqli işlərini yerinə yetirməkdədir. Aparılmış monitorinq nəticəsində bu gölməçədə 30 min kubmetrə qədər sənaye çirkab sularının olması müəyyən edilmişdir.
Bu layihənin təqvim planına uyğun və keyfiyyətlə həyata keçirilməsi məqsədilə ərazidə zəruri tədbirlər görülmüş, suların kənarlaşdırılması üçün əraziyə Almaniyanın “BÖRGER” şirkətinin istehsalı olan məhsuldar nasos gətirilmişdir. Bu nasos vasitəsi ilə göldən gün ərzində 8 saatda 400 kubmetrə qədər sənaye çirkab suları nəql edilir.
Bakı Ağ Şəhər layihəsində iştirak edən QSC bu sahədə qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirilir.