“Ekol Mühəndislik Xidmətləri” QSC-nin parafin təmizləmə sexinin fəaliyyəti qənaətbəxşdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tullantıların emalı departamentinin əsas fəaliyyət sahələrindən biri də ərsin parafininin sudan və mexaniki qarışıqlardan təmizlənməsidir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə 2007-ci ildə QSC-nin Oqtay Vəliyev, 1 ünvanında yerləşən xidmət sahəsində müasir standartlara cavab verən, istehsal gücü 48 saat ərzində 17 ton olan yeni parafin təmizləmə sexi istifadəyə verilmişdir.
Hazırda departamentin 8-ci sahəsi kimi fəaliyyət göstərən parafin təmizləmə sexi yarandığı dövrdən indiyədək sifarişçi təşkilatlardan qəbul etdiyi 900 tondan çox ərsin parafinini reqlamentə uyğun olaraq təmizləmişdir.
Əvvəlki illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində də departamentin 8-ci sahəsi məhsuldar işləmiş, “AAS-EKOL” Məhdud Məsuliyyətli Cəmiyyətindən qəbul etdiyi 112 tonadək parafini sudan və mexaniki qarışıqdan təmizləyərək təyinatı üzrə təhvil vermişdir.
Sahənin fəaliyyətinin fasiləsizliyinin təmin olunması və texnoloji proseslərin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması da daim diqqət mərkəzindədir. Bu məqsədlə vaxtaşırı olaraq sexdə profilaktiki təmir, yenidənqurma və abadlaşdırma işləri həyata keçirilir.
Cari ilin payız-qış mövsümü ilə əlaqədar hazırda 8-ci sahədə su, buxar və hava xətlərinin izolyasiyası, qurğu və avadanlıqların, boru xətlərinin təyinatına uyğun rənglənməsi, eləcə də profilaktiki təmir işləri davam etdirilir.