“Ekol Mühəndislik Xidmətləri” QSC prioritet ekoloji layihələrin icrasını uğurla davam etdirir
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərneftyağ” neft emalı zavodunun istehsalat sahələrində prioritet ekoloji layihələrin icrasını uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, QSC-nin tullantıların emalı departamentinin kollektivi tərəfindən zavodda əsas çirklənmə mənbəyi olan və uzun illər yığılıb qalmış, eləcə də texnoloji proseslər nəticəsində formalaşan neftşlamın emal edilərək zərərsizləşdirilməsi və sənaye-çirkab sularının təmizlənməsi işləri davam etdirilir.
İl ərzində zavodun ərazisində texnoloji proseslər zamanı formalaşan 11 milyon kubmetrə qədər sənaye çirkab suları təmizlənmiş və 10 min tondan çox neftşlam isə emal edərək zərərsizləşdirilmişdir.
Həmçinin departamentin kollektivi zavodun xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi və ərazidəki tullantıların idarəolunması sahəsində də mütəmadi olaraq məqsədyönlü işlər həyata keçirir.
Bununla yanaşı, QSC tərəfindən zavodun Bakı Ağ Şəhər layihəsi ərazisindəki istehsalat sahələrində olan süni gölməçələrdən sənaye-çirkab suların nəql olunması və neftlə çirklənmiş torpaqların daşınması layihələri də uğurla davam etdirilir. Cari ilin on ayı ərzində bu ərazilərdən 260 min 410 kubmetr sənaye-çirkab suları nəql olunmuş, 712 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınmışdır.