Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşları qəbul ediblər
Bakı, 31 yanvar, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev yanvarın 31-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran və Astara rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Muxtar Babayev və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə Salyan və Neftçala rayonlarının sakinləri ilə görüşüb.
Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.