Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllülər arasında bilik yarışması keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə dəstək verməkdir.
“Xəmsə” formatında təşkil olunan bilik yarışması 13 dövlət qurumunun könüllü komandasının iştirakı ilə keçirilib. Əvvəlcə iştirakçılara yarışın şərtləri izah edilib və iştirakçılar mübarizəyə qoşulublar. Böyük coşqu ilə yarışda iştirak edən komandalar üç mərhələdə ən müxtəlif mövzuları əhatə edən suallara cavab veriblər.
AZƏRTAC-ın müxbiri təşkilatçılar və bilik yarışının iştirakçılarının bəzilərinin fikirlərini öyrənib.
Səyyarə Məmmədova (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri):- 2020-ci ilin “Könüllülər ili” elan edilməsi onlara olan diqqətin artırılması, bilik və bacarıqlarının təkmilləşməsi, bu sahədə uğurların artırılması və gələcək üçün daha böyük təcrübə əldə etməsinə yaradılan əlverişli şəraitdir. Ona görə də hər bir dövlət qurumu könüllülərlə əlaqədar həm ayrıca, həm də birgə tədbirlər keçirir. Bizim nazirliyin digər dövlət qurumlarının könüllüləri Gənclər Günü münasibətilə “Xəmsə” formatında keçirdiyimiz bilik yarışı könüllərin birgə fəaliyyətini təmin etmək, onları əlaqələndirmək və bu əlaqələri gücləndirmək, gənclərin intellekt və potensialını aşkara çıxarmaq məqsədi daşıyır. Yarış bu il ilk birgə tədbirimiz olsa da, il ərzində könüllülərlə əlaqədar davamlı tədbirlər keçirəcəyik.
Nigar Eyvazzadə (“Diplomatiya” könüllüsü): - Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və ötən ildən könüllük fəaliyyətinə qoşulmuşam. İndiyədək könüllü kimi bir sıra tədbirlərdə iştirak etmişəm. Bu gün keçirilən bilik yarışı çox xoşuma gəldi. Burdakı atmosfer, mübarizənin ədalətli gedişi, iştirakçıların xoş münasibəti, yarışın fasilələrində təşkil edilən kofe-brek də komanda üzvlərimizin ürəyincə oldu.
Nərmin Əmirova (“Aqrar İnkişaf” könüllüsü):- “Xəmsə” formatında keçirilən yarışda güzəştsiz mübarizə, gənclərin göstərildiyi bilik səviyyəsi nümayiş çox təqdirəlayiqdir. Əlbəttə ki, belə maraqlı yarışların vaxtaşırı keçirilməsini arzu edərdim, çünki belə yarış özü də sosiallaşmağa, cəmiyyətə inteqrasiya olmağa kömək edir. Qələbə ilsə güclüləri sevir. Qoy həmişə güclü qalib gəlsin!
Pərvin Arıxbəyli (“Gömrükçü” könüllüsü): - İşə qəbul olunduğum cəmi bir neçə aydır və elə ilk vaxtlardan da könüllülük fəaliyyətinə qoşulmuşam. Bugünkü yarış çox yaxşı təşkil edilmişdi. Əlbəttə ki, hamı kimi bizim komanda da qələbə uğrunda mübarizə aparırdı. Gərginlik hər mərhələdən mərhələyə artırdı. Ancaq yarışda həmişə güclülər qalib gəlir. Birinci yeri tuta bilmədiyimizə görə qətiyyən təəssüflənmirəm, çünki belə bir yarışda iştirak etmək özü də çox yaxşı haldır. Qalib gəlməsək də, nəticələrimiz də heç də pis olmadı və həvəsləndirici mükafata layiq görüldük.
İlk mərhələlər başa çatandan sonra ən yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.
Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablığı ilə seçilən Gənclər və İdman Nazirliyinin “Gənclər” komandası birinci, Xarici İşlər Nazirliyinin “Diplomatiya könüllüləri” ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Könüllü DOST” komandası üçüncü, Dövlət Turizm Agentliyinin “Turizm könüllüləri” komandası dördüncü yeri tutub, həvəsləndirici mükafata isə Dövlət Gömrük Komitəsinin “Gömrükçü könüllüləri” layiq görülüb.
Qalib komandalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mükafatlandırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.