Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Batumidə beynəlxalq konfransda iştirak edir
Bakı, 10 iyun, AZƏRTAC
Batumidə BMT-nin Avropa İqtisadi Komissiyasının himayəsi ilə ətraf mühit nazirlərinin səkkizinci Konfransı keçirilir. Konfransda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları region ölkələrinin üzləşdikləri ekoloji problemləri müzakirə edirlər. Konfransda ekoloji risklərin azaldılmasına, iqtisadi tərəqqinin möhkəmlənməsinə, həyat səviyyəsinin yüksəldilməsinə və əhalinin sosial bərabərliyinin təmin olunmasına tuşlanan bir sıra tədbirləri nəzərdə tutan “yol xəritəsi” - Avropa iqtisadiyyatının yaşıllaşdırılması planı bəyənilib.
BMT-nin konfrans iştirakçılarına təqdim olunan məruzəsində deyilir ki, havanın çirklənməsi, qeyri-sağlam həyat tərzi, insanlar ilə ətraf mühit arasında uyğunsuzluq Avropa sakinlərinin həyatına və sağlamlığına getdikcə daha xoşagəlməz təsir göstərir.
Avropanın şəhər sakinlərinin təqribən 95 faizi çirklənmə səviyyəsi yol verilən normadan yüksək olan hava ilə nəfəs alır. 2012-ci ildə regionda 500 mindən çox vaxtsız ölümə bayırdakı havanın, 100 min ölümə tikililərdəki havanın keyfiyyəti səbəb olub.
Ekspertlər bildirirlər ki, biomüxtəlifliyin qorunub saxlanılması və bərpa edilməsi bir çox problemləri həll etməyə, o cümlədən sabit istehsala keçməyə, su təchizatını təmin etməyə, təbii fəlakət və iqlim dəyişmələri ilə bağlı təhdidləri azaltmağa kömək edə bilər. Hazırda Avropa sakinləri getdikcə iqlim dəyişmələrinin, xüsusən daşqınların çoxalmasının, isti və quraqlığın nəticələrindən daha çox əziyyət çəkirlər.
Avropa İttifaqında suyun kimyəvi tərkibi bütövlükdə yaxşılaşır. Amma artıq Panavropa regionu dənizlərində də mikroplastik kütlələr və yeni çirkləndiricilər, məsələn, bromlu antipirenlər, heyvanlar və insan üçün bəzi dərman preparatları mövcuddur.
BMT-nin Avropa İqtisadi Komissiyasının başçısı Kristian Friis Bax deyib: “Bu məruzədə Avropanın ekoloji problemləri haqqında təzə informasiya var. Yazı perspektiv ekoloji siyasəti formalaşdırmaqda hakimiyyət orqanlarına kömək edəcək”. O, ölkələri təbiəti mühafizə üzrə sazişlərə əsaslanaraq, ətraf mühitin yaxşılaşdırılması işində regional əməkdaşlığı möhkəmləndirməyə çağırıb.