Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Tailandda beynəlxalq konfransda iştirak edir
Bakı, 5 mart (AZƏRTAC). Tailandın paytaxtı Banqkokda Nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiyanın (CİTEC) iştirakçılarının BMT-nin himayəsi ilə XVI konfransı keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda nazir müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Konfransda iki minədək nümayəndə - 150 dövlətin, aborigen xalqlar qruplarının nümayəndələri, iş adamları iştirak edir. Forum iştirakçıları 70-dək təklifi, o cümlədən akulaların və qütb ayılarının, şirin suda yaşayan tısbağa və qurbağaların qorunub saxlanmasına dair təklifləri gözdən keçirəcəklər.
Xatırladaq ki, CİTEC vəhşi heyvanlar və yabanı bitkilərlə beynəlxalq ticarətin onların nəslinin və kökünün kəsilməsinə yol verməməyi qarşıya məqsəd qoyan təşkilatdır. Nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiya 1975-ci ildə Vaşinqtonda qəbul edilmişdir. Hazırda 176 dövlət onun üzvüdür. Vəhşi heyvan və yabanı bitki növləri CİTEC-in siyahısına düşən kimi onlarla beynəlxalq ticarət nəzarətə götürülür. Nəzarətin dərəcəsi həmin bitki və heyvanların statusundan asılı olaraq, nəsli və kökü kəsilmək üzrə olan heyvan, balıq və bitki növləri ilə nəzarət edilən ticarətdən tutmuş onlarla ticarətin tamamilə qadağan olunmasını ehtiva edir.
Hazırda CİTEC 35 min fauna və flora növü və onlardan hazırlanmış məmulatlarla beynəlxalq ticarəti tənzimləyir.
Martın 14-dək davam edəcək konfransda hökumət nümayəndə heyətləri 55 ölkənin təqdim etdiyi 70 təklifi gözdən keçirəcəklər. Bu təkliflər bir neçə akula növünün, Ekvador vikunyasının (dəvəkimilər fəsiləsindən), qütb ayılarının, Afrika fillərinin, ağ kərgədanların, şirin suda yaşayan tısbağa, qurbağa və timsahların, dekorativ və dərman bitkilərinin, habelə bir çox digər növlərin qorunub saxlanmasını təmin etməyə yönəlmişdir.
Konfrans nümayəndələri CİTEC-in fil sümüyü və kərgədan buynuzu ilə qanunsuz ticarətə qarşı mübarizə səylərinin daha da artırılmasına kömək edəcək addımlarını da müzakirə edəcəklər. Onlar CİTEC-in Konvensiyanın maliyyə mexanizmi olmaq təklifi ilə Qlobal Ekologiya Fonduna (QEF) müraciət etməsi imkanını gözdən keçirəcəklər. QEF 1991-ci ildə yaradılmışdır və o vaxtdan etibarən ətraf mühitin mühafizəsi üzrə layihələri maliyyələşdirməkdə inkişafda olan ölkələrə kömək edir.