Ekoloji breyn-rinq bilik yarışlarının qalibləri mükafatlandırılıblar
Bakı, 13 iyun, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və SOCAR-ın Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin respublika ekoloji breyn-rinq bilik yarışları yekunlaşıb.
Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədi daşıyan breyn-rinq ekoloji bilik yarışlarının final mərhələsi SOCAR-ın Ekologiya İdarəsinin Eko-mərkəzində təşkil olunub. Finalda breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Xaçmaz, Neftçala və İsmayıllı rayonlarının orta məktəblərinin komandaları öz biliklərini sınayıblar. Münsiflər heyətinin qərarı ilə İsmayıllı rayonu Təzəkənd kənd orta məktəbinin komandası I yerə, Xaçmaz rayonu 2 saylı tam orta məktəbin və Bakı şəhəri 19 saylı tam orta məktəbin komandaları II yerə, Neftçala şəhər 4 saylı tam orta məktəbin, Şirvan şəhərinin, Bakı şəhəri 273 saylı tam orta məktəblərin komandaları III yerə, Gəncə şəhəri 6 saylı tam orta məktəbin və Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandaları həvəsləndirici yerlərə layiq görülüblər.
Ekoloji breyn-rinq yarışının bütün iştirakçılarına Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və SOCAR-ın Ekologiya İdarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.