Ekoloq: Azərbaycanın sahil zonasında Xəzərin səviyyəsinin azalması bir sıra riskləri aktuallaşdırır
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanın sahil zonasında Xəzər dənizinin səviyyəsinin azalması bir sıra riskləri aktuallaşdırır. Ən vacib risklər arasında sahil eroziyası və torpaq itkisi dayanır, çünki səviyyə enməsi sahil xəttini geri çəkir, çay deltaları və bataqlıqlar quruyur, bu da kənd təsərrüfatı və yaşayış zonalarını təhlükəyə atır. Digər əsas risklər şoranlaşma və torpaq keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Səviyyə aşağı düşdükcə sahil zonasındakı torpaqların duzluq səviyyəsi yüksəlir, bu isə suvarma üçün torpaqların istifadəsini çətinləşdirir və əkin sahələrinin məhsuldarlığını azaldır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində ekologiya üzrə mütəxəssis Gülşən Axundova deyib.
O qeyd edib ki, Xəzər dənizində səviyyə enməsinin qarşısını tamamilə almaq praktik olaraq mümkün deyil, çünki bu proses həm qlobal iqlim dəyişikliyi, həm də regional hidrometeoroloji amillərlə bağlıdır. “Belə ki, buxarlanma, temperaturun yüksəlməsi və çay axınlarının azalması kimi səbəblər həm təbii, həm də insan fəaliyyətindən asılı olan faktorların qarışığıdır. Bu baxımdan daha realist və effektiv yanaşma zərərin minimuma endirilməsi və adaptasiya tədbirlərinin həyata keçirilməsidir. Məsələn, sahil infrastrukturunun, liman və neft-qaz qurğularının su səviyyəsinin azalmasına uyğun yenidən planlaşdırılması, çay axınlarının və su anbarlarının daha səmərəli idarə olunması, sahil eroziyası və şoranlaşmanın qarşısının alınması, ekosistemlərin qorunması kimi tədbirlər həm iqtisadi, həm ekoloji, həm də sosial baxımdan riskləri azaldır.
Yəni, reallıq budur ki, Xəzər dənizinin səviyyəsini artırmaq və ya sabit saxlamaq üçün qlobalmiqyaslı iqlim tədbirləri və uzunmüddətli su balansı idarəçiliyi tələb olunur. Lakin qısa və ortamüddətli perspektivdə önəmli olan adaptasiya strategiyalarını həyata keçirmək və zərərləri azaltmaqdır”, - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, müsahibənin davamı tezliklə AZƏRTAC-da yayımlanacaq.