Ekspert: İdxaldan asılılığı azaltmaqla inflyasiya ilə mübarizə aparmaq mümkündürVİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan hökumətinin antiinflyasiya ilə bağlı tədbirlər keçirməsi təqdirə layiqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, dünya iqtisadiyyatında inflyasiya meyilləri xeyri dərəcədə artıb. Burada söhbət təklif sferası və monetar pul kütləsinin artması ilə bağlı inflyasiyanın bir-birini tamamlaması, böyük inflyasiya dalğasının dünya iqtisadiyyatında formalaşmasından gedir.
“Azərbaycan daxili istehsalını, ölkə iqtisadiyyatına qoyulan investisiya həcmini artıraraq effektiv şəkildə bu proseslərlə mübarizə apara bilər. Əks halda, biz ölkəmizə inflyasiyanı idxal etmiş olarıq. İnvestisiyaların artımı, yerli istehsalın intensivləşdirilməsi, idxaldan asılılığın azaldılması, eyni zamanda, təbii inhisar subyektlərinin tariflərinin stabil saxlanılması və valyuta bazarındakı sabitlik şübhəsiz ki, milli iqtisadiyyatınızın inflyasiya ilə problemlərdən yaxa qurtarmasına şərait yarada bilər. Düşünürəm ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər Azərbaycanda yaxın aylarda inflyasiyanın məqsədli parametrlər çərçivəsində saxlanmasına şərait formalaşdıra bilər”, - deyə ekspert əlavə edib.