CƏMİYYƏT
Ekspert-ixtisas komissiyasının işinə qanunsuz müdaxilə və təsir yolverilməzdir
Bakı, 27 may, AZƏRTAC
Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi üçün yaradılacaq Ekspert-ixtisas komissiyasının işinə qanunsuz müdaxilə və təsir yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov imzaladığı Qərarda bildirilib.
Qərara əsasən, Ekspert-ixtisas komissiyasının sədri komissiya iclasının keçirilməsi gününü və vaxtını müəyyən edir.
Katib isə iclasa ən azı 3 iş günü qalmış komissiya üzvlərinə və bu Qaydanın 2.6-cı bəndində göstərilən şəxslərə komissiyanın iclasının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verir.
Komissiyanın iclası ən azı 5 üzv iştirak etdikdə səlahiyyətlidir.
İclasda baxılan məsələlər üzrə qərarlar protokolda əks etdirilir. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar bu Qaydanın 7.10-cu bəndində nəzərdə tutulmuş halda komissiya üzvlərinin açıq səsverməsi və sadə səs çoxluğu ilə, digər hallarda isə verilmiş ballara uyğun olaraq qəbul edilir.
Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici sayılır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə olunur.
Komissiyanın işinə qanunsuz müdaxilə və təsir yolverilməzdir.