Ekspert: Təhlükəsiz sürücülük davranışı sürücünün psixoloji hazırlığından və məsuliyyət hissindən asılıdır
Bakı, 8 iyul, AZƏRTAC
Sürücülərin yol hərəkəti qaydalarını pozması, xüsusilə də müəyyən edilmiş sürət həddini aşması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir. Bu cür halların yaranmasına əsasən yol hərəkəti qaydalarına laqeyd yanaşılması səbəb olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Ekspert bildirib ki, yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin sayının artmasına, ağır xəsarətlərə və ölümlə nəticələnən qəzalara səbəb olur: “Təhlükəsiz sürücülük davranışı, ilk növbədə sürücünün psixoloji hazırlığından və məsuliyyət hissindən asılıdır. Sürücülər qəza riski yaradan vəziyyətlərlə qarşılaşdıqda soyuqqanlı davranmalı, təhlükəli manevrlərdən çəkinməli və hadisədən yayınmaq üçün düzgün qərarlar verməlidirlər”.
A.Əsədov qeyd edib ki, nəqliyyat vasitəsinin sürətini yolun vəziyyətinə, hava şəraitinə və hərəkət intensivliyinə uyğun tənzimləməmək ağır nəticələrə səbəb ola bilər. Yüksək sürət sürücünün reaksiya müddətini azaldır, əyləc məsafəsini uzadır və qəza zamanı xəsarətlərin ağırlıq dərəcəsini artırır. Buna görə də, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və yol nişanlarının tələblərinə əməl edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
O vurğulayıb ki, maarifləndirmə tədbirlərinin gücləndirilməsi və sürücülərdə məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması yol qəzalarının sayının azalmasına mühüm töhfə verə bilər.