Elçin Mirzəbəyli: Brüssel Sammitinin sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi mühüm önəmə malikdir
Bakı, 25 noyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi mühüm önəm kəsb edir. Bu fakt dövlətlərin ərazi bütövlüyünə münasibətdə manipulyativ yanaşmalara, Helsinki Yekun Aktının prinsiplərinin məqsədyönlü şəkildə yanlış şərh olunmasına verilən tutarlı bir cavab kimi də qəbul oluna bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, ərazi bütövlüyü məsələsinə münasibətdə vahid mövqenin müəyyənləşməsi Azərbaycanın uzun illərdən bəri irəli sürdüyü, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün böyük önəm daşıyan təşəbbüslərdən biridir. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında və 1995-ci ildə BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi toplantıda dövlətlərin ərazi bütövlüyünün qorunmasının, sərhədlərinin toxunulmazlığının vacibliyini vurğulamış, əks təqdirdə bəşəriyyətin separatizmin ən ağır təzahürləri ilə qarşı-qarşıya qala biləcəyini qeyd etmişdi. Ümummilli Liderin və Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq kürsülərdən səsləndirdiyi fikirlərdə yer alan çağırışların əhəmiyyətini zaman bir daha ortaya qoydu. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına zəmin yaradan işğala və aqressiv erməni separatizminə münasibətdə tətbiq olunan ikili standartlar, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması dünyanın ayrı-ayrı bölgələrinə yeni işğal və separatizm faktlarının meydana gəlməsinə zəmin yaratdı, aqressiv separatizmlə terrorizmin ortaq mahiyyətini nümayiş etdirdi.
Siyasi şərhçi qeyd edib ki, Aralıq dənizi hövzəsində, Yaxın Şərqdə baş verən qanlı müharibə və qarşıdurmalar, İraqda və İspaniyada separatçı hərəkatların dövlətlərin ərazi bütövlüyünü təhlükə altına atması, Avropanın ayrı-ayrı ölkələrində latent separatizm meyillərinin üzə çıxması Azərbaycanın dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı ilə bağlı mövqeyində nə qədər haqlı olduğunu bir daha sübuta yetirdi. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin heç bir ayrı-seçkiliyə yol verilmədən dəstəklənməsində ölkəmizin prinsipial mövqeyinin, ardıcıl siyasətinin rolu kifayət qədər böyükdür. Bu kontekstdə Azərbaycan Prezidentinin 52-ci Münxen Təhlükəsizlik Konfransındakı, BMT Baş Assambleyasının 72-ci sessiyasındakı tarixi çıxışlarını, Avropa İttifaqının rəsmiləri ilə görüşlərini, Aİ-yə üzv olan dövlətlərlə imzalanan strateji tərəfdaşlıq sazişlərinin rolu da xüsusi qeyd edilməlidir.
Elçin Mirzəbəyli vurğulayıb ki, Brüssel Sammitinin yekun sənədində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi beynəlxalq hüququn prinsiplərinin tətbiqində ikili standartlara yol verən, öz geosiyasi, geoiqtisadi və korporativ maraqları naminə separatizmi və onun bütün təzahürlərini dəstəkləyən qüvvələrin bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdıra biləcək çox önəmli bir presedent kimi dəyərləndirilməlidir.