ƏLƏKBƏR MƏMMƏDOVUN ŞƏRƏFİNƏ KEÇİRİLƏN FUTBOL TURNİRİNDƏ 8 KOMANDA MÜBARİZƏ APARIR
AZƏRTAC xəbər verir ki, yanvarın 28-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Universitetinin stadionunda veteran futbolçu, SSRİ idman ustası, Prezident təqaüdçüsü, professor Ələkbər Məmmədovun şərəfinə keçirilən növbəti ənənəvi futbol turnirinə start verilmişdir.
Turnirin açılış mərasimində cıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov son vaxtlar ölkəmizdə futbolun inkişafına göstərilən diqqət və qayğıdan danışmış və qeyd etmişdir ki, turnirin keçirilməsində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, klublar arasında əlaqələrin möhkəmləndirilməsi, Ələkbər Məmmədovun şərəfli həyat yolunun gənclər arasında təbliğ olunmasıdır.
R.Abbasov demişdir ki, Azərbaycan zəngin futbol ənənələrinə malikdir və bu ənənələrin qorunmasında veteranların böyuk xidmətləri var. Ölkəmizdə futbol veteranlarına hər cür qayğı göstərilir. Onların bir qismi yüksək dövlət mükafatları ilə təltif edilmiş, fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşlər.
Tədbirdə çıxış edən digər natiqlər Ələkbər Məmmədovun gənc idmançılara örnək olacaq karyerası barədə məlumat vermiş və onun SSRİ çempionatında və yığma komandanın heyətində uğurlu çıxışılarından söhbət açmışlar.
Ələkbər Məmmədov dövlətin futbol veteranlarına göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışaraq ölkəmizdə idmanın inkişafına yaradılmış əlverişli şəraiti xüsusi qeyd etmişdir.
İki qrupa bölünməklə 8 komandanın mübarizə aparacağı turnirə fevralın 6-da yekun vurulacaqdır.