ELEKTRİK ENERJİSİNİN VƏ QAZIN HAQQININ YIĞILMASINDA YARANMIŞ VƏZİYYƏTLƏ ƏLAQƏDAR GƏNCƏDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirəni giriş sözü ilə açan Baş nazirin birinci müavini Yaqub Eyyubov istehlak olunan qazın, elektrik enerjisinin, suyun dəyərinin və digər kommunal xidmətlərin haqqının yığılmasında yaranmış vəziyyəti ətraflı təhlil etmiş, iyulun 31-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında dövlət başçısının bu sahədə verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsində əlaqədar qurumların və yerli icra hakimiyyəti rəhbərlərinin qarşısında duran vəzifələrdən danışmışdır.
Prinsipiallıq şəraitində keçən müşavirədə elektrik enerjisinin, təbii qazın haqqının yığılmasında geriliyə yol verən rayonların icra başçılarının məlumatları da dinlənilmiş və hökm sürən mənfi hallar onların nəzərinə çatdırılmışdır.
Müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elman Vəliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Həmid Bağırov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və başqaları çıxış edərək, Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün görülən tədbirlərdən danışmış və mövcud vəziyyətin aradan qaldırılmasında “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin ünvanlarına öz iradlarını bildirmişlər.
Sonra “Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev və “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev çıxış edərək, mövcud vəziyyəti təhlil etmiş, müşavirə iştirakçılarının suallarına aydınlıq gətirmişlər.
Prezidentin İcra Aparatının şöbə müdirinin müavini Tahir Budaqov və respublikanın Baş prokurorunun birinci müavini Rüstəm Usubov əhaliyə, idarə və müəssisələrə verilən təbii qazın, elektrik enerjisinin və suyun haqlarının yığılmasındakı nöqsanların tezliklə aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulamışlar.
Müşavirədə bəzi rayonların ünvanlarına ciddi iradlar səslənmişdir. Bildirilmişdir ki, vəziyyət elə yerə gəlib çatmışdır ki, hətta bir sıra rəhbər işçilərin özləri işlətdikləri elektrik enerjisinin haqqını ödəmir, qanunun tələblərini pozaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Həmin rəhbər işçilərin adları açıqlanmış və onlara ciddi xəbərdarlıq edilmişdir.
Açıq dialoq şəklində keçən müzakirələrdə çıxış edənlərin əksəriyyəti problemin həlli üçün sayğacların quraşdırılmasının sürətləndirilməsinin, ödənişlərin poçt və banklar vasitəsilə aparılmasının zəruriliyini vurğulamışlar.
Müşavirəyə yekun vuran Baş nazirin birinci müavini Yaqub Eyyubov əmin olduğunu bildirmişdir ki, rayon və şəhərlərin müvafiq strukturlarının rəhbərləri deyilən tənqiddən nəticə çıxaracaq və ödənişlərin tam həcmdə təmin edilməsinə nail olacaqlar.