Elektron informasiya resurslarının menecmenti – elmi seminar
Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxananın, İnformasiya və sənəd menecmenti fakültəsinin və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun birgə təşkilatçılığı ilə “Elektron informasiya resurslarının menecmenti” mövzusunda elmi seminar təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda EBSCO şirkətinin MDB ölkələri üzrə direktoru Andrey Sokolov mövzu ilə bağlı məruzə edib. O, məruzəsində əvvəlcə ənənəvi informasiya resursları ilə elektron resurslar arasında müqayisəli təhlillər aparıb, onların fərqli və üstün tərəfləri barədə prinsipial məsələləri şərh edib.
A.Sokolov ötən əsrin sonlarından başlayaraq dünyada elektron informasiya xidmətlərinin meydana gəldiyini və sürətlə inkişaf edərək müxtəlif parametrlər üzrə üstünlük qazandığını vurğulayıb. Qeyd edilib ki, elektron informasiya resursları məzmun və forma baxımından, eyni zamanda, operativliyinə görə geniş imkanlara malikdir.
Sonra mütəxəssis əməkdaşların və tələbələrin sualları cavablandırılıb.