ƏLİLLƏRİN STOLÜSTÜ İDMAN OYUNLARI ÜZRƏ I ÜMUMRESPUBLİKA YARIŞLARI BAŞA ÇATMIŞDIR
Respublika Şahmat Mərkəzində və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində şahmat, dama, nərd və armreslinq üzrə keçirilən yarışın final mərhələsində 90 əlil iştirak etmişdir. Onlar noyabrın 10-23-də ölkənin 9 bölgəsində keçirilən yarışların seçmə mərhələsində 650 nəfər arasında uğurla çıxış edərək, finala vəsiqə qazanmışdılar.
Qaliblər Baş İdarənin diplom və fəxri fərmanları ilə təltif olunmuşlar. Birinci yerin sahiblərinə 500 min, ikinci yer tutanlara 400 min, üçüncü yerə çıxanlara isə 300 min manat məbləğində mükafat verilmişdir.
Mükafatlandırma mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov fiziki məhdudiyyətli insanların sosial problemlərinin həlli ilə yanaşı, onların əyləncə və istirahətlərinin səmərəli təşkilinə ölkə rəhbərliyi tərəfindən göstərilən daimi diqqət və qayğıdan danışmışlar.