Əlli nəfər Teleradio Akademiyasında yeni ixtisasa yiyələnib
Bakı, 25 iyun, AZƏRTAC
Bu gün Teleradio Akademiyasında növbəti, üçüncü tədris ilinin məzunlarının buraxılışı olub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, üçüncü tədris ilində akademiyaya 65 dinləyici qəbul olunub, 50-si sertifikatla təltif edilib.
Dinləyicilər müvafiq olaraq aparıcı-müxbir, redaktor, radio redaktoru və aparıcısı, rejissor, montajçı, operator sahəsi üzrə təhsil alıblar.
QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev məzunların buraxılış mərasimində iştirak ediblər. Dinləyicilərə sertifikatlar təqdim olunub.
Buraxılış mərasimində Azərbaycan Televiziyasının qocaman əməkdaşları iştirak edib. Onlar arasında Xalq artistləri Ofelya Sənani, Eldost Bayram, Əməkdar artist Sevda Ağazadə, həmçinin tanınmış aparıcı Nərgiz Cəlilova da olub.
Məlumat üçün bildirək ki, məzunlara QSC-də təcrübə keçmək imkanı yaradılıb.
Xatırladaq ki, Teleradio Akademiyasının ilk tədris ili ilə bağlı müsabiqə 2019-cu ildə elan edilib.
İlk iki tədris ilində iştirak edən dinləyicilərdən 29-u QSC-də işlə təmin olunub.