Elm və süni intellekt bir arada: “AI & Science Forum 2026”
Bakı, 25 iyun, AZƏRTAC
Xəzər Universitetinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının təşəbbüsü və təşkilatçılığı ilə regional elmi ekosistem üçün mühüm hadisə olan “AI & Science Forum 2026” keçirilib. İki gün davam edən forum həm ənənəvi, həm də onlayn formatda və iki dildə təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi gənclərin elmə marağının artırılması, müasir elmi innovasiyaların təşviqi, gələcək tədqiqatçı nəslin formalaşması yolundakı məhdudiyyətlərin aradan qaldırılması və müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə gənc istedadlar arasında sıx şəbəkələşmənin təmin edilməsidir.
Tədbir iştirakçıları bioinformatika, genetika, beyin-kompüter interfeysi (BCI), neyroelm, protein mühəndisliyi, data elmləri, enerji və biotexnologiya sahələrində süni intellektin (AI) inteqrasiyası və yaratdığı qlobal akademik imkanlarla yaxından tanış olublar.
Tədbirin ilk günü Xəzər Universitetinin ev sahibliyi ilə rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Nəzrin Tağızadə, doktorant Xalid Nəzərov və magistrant Murad Qənbərov məruzələrlə çıxış ediblər. Çıxışlarda neyropsixologiya və süni intellektin kəsişməsi, böyük tibbi dataların (Big Data) idarə olunması və bu məlumatların modelləşdirilməsində AI tətbiqləri geniş təhlil olunub.
Növbəti paneldə Nurlan Kərimov, Aydın Bayramov, Valeh Məmmədli və Günel Rzayeva genetik kəşflərin əsasları, süni intellektin müasir alqoritmlərə təsiri, enerji sektorunda AI texnologiyaları, eləcə də gen redaktəsi (CRISPR və s.) sahəsindəki ən son elmi nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar.
Tədbir professor İlham Şahverənov, doktorant Lalə İbadullayeva və magistr Gülçin Qasımovanın çıxışları ilə davam edib.
Sonda mövzu ilə bağlı panel müzakirələri aparılıb.