Elşad Məmmədov: Daşınmaz əmlakın reyestri və kadastr sistemi yenilənir və rəqəmsallaşdırılır
Bakı, 25 iyun, AZƏRTAC
Daşınmaz əmlakın elektron reyestri və kadastr informasiya sisteminin yaradılması ilə bağlı Fərman qəbul edilib. Bu Fərman Azərbaycanda daşınmaz əmlakın reyestri və kadastr sahəsində mühüm, islahat xarakterli dəyişiklikləri nəzərdə tutur və əsasən üç istiqamətdə yenilikləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iyunun 25-də keçirilən iclasında səsləndirib.
O deyib: “Birinci yenilik ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquq sahibləri - həm vətəndaşlar, həm də hüquqi şəxslər tərəfindən müraciətlərin qəbulu, sənədlərin rəsmiləşdirilməsi və xidmətlərin göstərilməsi tam rəqəmsal formata keçirilir. Artıq vətəndaşların dövlət qurumlarına fiziki müraciət etməsinə ehtiyac qalmır. Eyni zamanda, dövlət xidmətləri və rüsumların ödənişi elektron hökumət portalı vasitəsilə həyata keçirilir və müraciətlərin icra vəziyyətini onlayn izləmək mümkün olur. Bu dəyişikliklər xidmətlərin daha çevik və şəffaf şəkildə göstərilməsinə, həmçinin vaxt itkisinin minimuma endirilməsinə xidmət edir".
E.Məmmədov qeyd edib ki, ikinci mühüm yenilik kadastr məlumatlarının vahidləşdirilməsi və standartlaşdırılması ilə bağlıdır. Bu istiqamətdə mövcud məlumat bazalarında olan uyğunsuzluqların aradan qaldırılması, məlumatların dəqiqliyinin artırılması və dövlət kadastrı ilə sənədlər arasında mümkün fərqlərin minimuma endirilməsi nəzərdə tutulur.
Üçüncü yenilikdən danışan sədr müavini bildirib ki, bu, Daşınmaz Əmlakın Dövlət Reyestri kitabında ilkin qeydiyyat və təkrar qeydiyyat anlayışlarının tətbiqi ilə bağlıdır. Bu yanaşma qeydiyyat proseslərinin daha sistemli şəkildə aparılmasına və hüquqların daha aydın təsnif olunmasına imkan yaradacaq.
Fotoqraf - Aydın Məmmədov