Əməkdar məşqçi: Dünyada ilin ən yaxşısı seçilmək qürurverici haldır
Bakı, 29 yanvar, AZƏRTAC
"Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mükafatına layiq görülmək xoş oldu".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın beynəlxalq qrosmeysteri Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülməsi ilə bağlı danışarkən deyib.
Əməkdar məşqçi 20 ildir bu sahədə müəllimlik etdiyini bildirib: "Dünyada ilin ən yaxşı şahmat məşqçisi seçilmək hər bir mütəxəssis kimi məni də xoşbəxt etdi. Bu, çox qürurverici haldır. 17 yaşımdan şahmat müəllimi olaraq çalışıram. Məqsədim biliklərimi gənc nəsillə bölüşməkdir".
Azərbaycanı aprelin 2-dən 25-dək Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində təmsil edəcək Nicat Abasovdan da söz açan C.Ağarəhimov 29 yaşlı qrosmeysterdən gözəl və uğurlu nəticələr gözlədiyini söyləyib: "Nicat mənə yaxın olan insandır. O, Bakıda keçirilmiş Dünya Kubokundakı kimi çıxış etsə, istənilən nəticəni əldə edə bilər. Bu cür mötəbər yarışlarda psixoloji hazırlıq da vacibdir".
Qeyd edək ki, Cahangir Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrosmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.