Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr edilən beynəlxalq memorialın açılışı olub
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq memorialın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılışında çıxış edən Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti, Respublikanın Əməkdar bədən tərbiyəsi və idman xadimi Firat Hüseynov Əfqan Səfərovun idmanın inkişafındakı xidmətlərindən danışıb. F.Hüseynov Azərbaycanda atletikanın inkişafında tanınmış idman mütəxəssisinin rolunu xüsusi vurğulayıb. O, yarışın atletikanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycanda idmanın sürətli inkişafına dövlətin diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu diqqətə çatdırıb. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.
Digər çıxış edənlər də qeyd ediblər ki, belə mötəbər yarışların keçirilməsi idmanın inkişafında mühüm rol oynayır.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış mərasimindən sonra turnirə start verilib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Belarus, Qırğızıstan və Gürcüstandan olan atletlər iştirak edirlər.
Turnirdə yeniyetmə oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparacaqlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, regionlardan idmançılar da iştirak edirlər.