İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Xidmətinin ötənilki fəaliyyəti müzakirə olunub
Bakı, 6 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin ötən il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanda aparılan uğurlu islahatlardan danışan xidmət rəisi Mətin Eynullayev dövlətimizin başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqların vaxtında və tam həcmdə icrasının təmini istiqamətində işlərin davam etdirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ötən il Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib.
Cari ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran Dövlət Xidmətinin rəisi deyib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində qurumun fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir. Tədbirdə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan, investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olan özəlləşdirilmə prosesinin sürətləndirilməsi, o cümlədən dövlət əmlakının icarəyə verilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlərdən bəhs olunub. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində görüləcək tədbirlər də diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, hüquqların elektron qeydiyyatı üçün zəruri sənədlərin və məlumatların informasiya sistemləri vasitəsilə əldə edilməsi prosesi intensivləşdiriləcək.
İclasda Xidmət nümayəndələrinin çıxışları dinlənilib.