MƏDƏNİYYƏT
“Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc şairə Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı gənc şairənin yaradıcılığı barədə danışıb. O, yeni nəşrin müəllifin sayca üçüncü kitabı olduğunu vurğulayıb.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova kitab təqdimatlarının, gənc müəlliflərlə görüşlərin kitabxanalarda keçirilməsinin əhəmiyyətindən və gələcəkdə geniş auditoriyada təbliğ olunması imkanından söz açıb.
“Şairə Arzu Əyyarqızının yaradıcılığında mövzu rəngarəngliyi, şeirlərində vətənpərvərlik ruhu, Vətənə, həyata ali sevgi motivləri üstünlük təşkil edir. Poeziya ədəbiyyatın çox mühüm, eyni zamanda, çox həssas, incə janrıdır. Vətənpərvərlik ruhlu şeirlərin yazılması hər dönəm üçün çox mühümdür. Gənc şairənin lirik dünyası saf və duyğuludur. Şairə müdrik düşüncələri, milli-mənəvi dəyərlərə sonsuz ehtiramı ilə hər bir oxucusuna nümunədir”, - deyə o əlavə edib.
Müəllif Arzu Əyyarqızı kitabının geniş oxucu auditoriyasına təqdim edilməsindən məmnun olduğunu bildirib.
Tədbirdə şairənin “Kəlağay”, “Düşüb könlümə”, “Kaş ki”, “Alın darıxmağın əlindən məni” və digər şeirləri, sözlərinə bəstələnən mahnılar səsləndirilib.
Sonda müəllif əsərlərini kitabxanaya hədiyyə edib.