Ən ülvi amalı uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman VİDEO
Samux, 5 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri tərəfindən ötən il keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn leytenant Füzuli Məmmədovun bu gün 35 yaşı tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvləri onun ad günündə məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Məmmədov Füzuli Bəhruz oğlu 1989-cu il aprelin 5-də Samuxun Qovlarsarı kəndində anadan olub. Orta təhsilini Samux rayon Qovlarsarı kənd tam orta məktəbində alıb. Sonra isə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olub. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb, snayperçi olaraq xidmət göstərib. 2016-cı ildən isə orduda işə başlayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşub, Laçında yaralanıb. O, müalicə aldıqdan sonra yenidən hərbiyə qayıdıb və ən ülvi amalı - torpaqlarımızın işğaldan tam azad edilməsi uğrunda canından keçib.

Şəhidin həyat yoldaşı Günel Məmmədova deyir ki, uşaqlıqdan bir yerdə böyüyüb, sevib ailə həyatı qurublar. Füzuli Məmmədovun ən böyük arzusu iki qız övladının xarici dil öyrənməsi və bu istiqamətdə təhsil alması idi.
Füzulinin hər zaman vətənpərvərliyi, qorxmazlığı və tabeliyində olan əsgərlərinə diqqət və qayğısı ilə seçildiyini bildirən Günel xanım birgə arzularından da danışır və kövrəlir...
Oğlu ilə hər zaman fəxr etdiyini söyləyən şəhidin anası Qətibə Ələkbərova isə Füzulinin hələ məktəb vaxtlarından ağıllı və savadlı uşaq olduğunu bildirir.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza ömür boyu duaçıyam ki, bizim torpaqlarımızı geri qaytardılar, Qarabağ bizimdir! Mən oğlumla qürur duyuram”, – deyə o əlavə edib.
Qeyd edək ki, şəhid Füzuli Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.