Əqli Mülkiyyət Agentliyində Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 26 may, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində “28 May - Müstəqillik Günü” mövzusunda konfrans keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxana əməkdaşları Şükufə Baxşıyevanın “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Dünya Cəfərovanın “Məhəmməd Əmin Rəsulzadə”, Könül Yusubovanın “Azərbaycan Demokratik Respublikasının qurucuları”, Gülnarə Quliyevanın “İlham Əliyev müstəqilliyimizin qoruyucusu kimi”, Azadə Orucovanın "ADR-in yaranması” və Leyla İsazadənin “ADR-nın qəbul etdiyi qərar və islahatlar” mövzularında məruzələri dinlənilib.
Respublika Elmi-Texniki Kitabxanasının direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli çıxışında ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olduğunu vurğulayıb. Qeyd edib ki, cümhuriyyətin ömrünün 23 ay olmasına baxmayaraq bu qısa dövrdə dövlət bayrağı, himn və gerb təsis edilib, milli ordu yaradılıb. M.Məmmədli müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin böyük siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmləndiyini və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 28 May gününün 1990-cı ildən etibarən hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd olunduğunu söyləyib. O, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk dəfə qadınlara seçki hüququ verən dövlət olduğunu vurğulayıb. A.Təvəkküloğlu müasir günümüzdə Cümhuriyyət dövrünün dövlətçilik ənənələrinin davam etdirildiyinə toxunaraq çıxışını Ulu Öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikri ilə sonlandırıb.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərar və islahatlara dair videotəqdimat nümayiş etdirilib.