“Əqli mülkiyyətə giriş” adlı təlim kursuna yekun vurulub
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC tərəfindən həyata keçirilən təlim kursu müvəffəqiyyətlə başa çatıb.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, “Əqli mülkiyyətə giriş” təlim kursunda Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzlərinin 14 əməkdaşı iştirak edib.
Xatırladırıq ki, məruzəçilər tərəfindən kursun məzunlarına müəlliflik hüququ və əlaqəli hüquqlar, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilər haqqında geniş məlumat verilib. Həmçinin təlim kursunda əqli mülkiyyət obyektlərinin qeydiyyata alınması, onlardan istifadə hüquqları haqqında və əqli mülkiyyət sahəsində beynəlxalq konvensiya, müqavilə və sazişlərin Azərbaycan Respublikası ərazisində qüvvədə olması barədə ətraflı məlumat verilib və qeyd edilən sahələrlə bağlı ümumi aspektlər əhatə edilib.
“Əqli mülkiyyətə giriş” adlı təlim kursunun yekununa görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək məqsədilə test formasında kursa aid sual (50 sual) və cavablar hazırlanıb. Testin nəticələrinə görə, dinləyicilərə əldə etdikləri bilik və bacarıqlarını təsdiq edən sertifikat verilməsi nəzərdə tutulub.
Təlimin yekunu ilə bağlı sentyabrın 12-də keçirilən tədbirdə kursu müvəffəqiyyətlə başa vurmuş hər iki Mərkəzin 14 nəfər dinləyicisinə sertifikatlar təqdim edilib.
Tədbirdə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC-nin direktoru Zahir Hacıyev çıxış edərək dinləyiciləri təbrik edib, əldə etdikləri bilikləri öz gündəlik işlərində tətbiq edəcəklərinə ümidvar olduqlarını bildirib, onlara uğurlar arzulayıblar.