Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin məsul şəxsləri cəzalandırılmışlar
Bakı, 1 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ərazi ekologiya və təbii sərvətlər şöbələrinin məsul şəxslərini cəzalandırmışdır.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilmişdir. Məlumata görə, ETSN-ə respublikanın müxtəlif ərazilərindəki magistral avtomobil yollarının kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satılması ilə bağlı məlumat daxil olmuşdur. Bununla əlaqədar ərazi ekologiya və təbii sərvətlər şöbələrinə xidməti ərazilərində qanunsuz ovlanmış heyvanların və çöl quşlarının satışına qarşı ciddi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Lakin tapşırıqlara ciddi əməl olunmamış, qanunsuz ovlanmış çöl quşlarının və heyvanların yol kənarlarında satılması halları aradan qaldırılmamışdır. Belə ki, 1, 3, 4 və 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbələrinin rəhbərliyi və əməkdaşları tərəfindən xidməti ərazilərində brakonyerliyə qarşı yetərincə tədbirlər görülməmiş, qanun pozucuları qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunmamış, neqativ halların aradan qaldırılması üçün yerli icra, özünüidarətmə və polis orqanları qarşısında zəruri məsələlər ciddi şəkildə qaldırılmamışdır. Nəticədə həmin ərazilərdə qanunsuz ovlanmış çöl quşlarının satılmasına şərait yaranmışdır.
Xidməti ərazilərində öz vəzifələrini lazımi şəkildə yerinə yetirmədiklərinə görə 1, 3, 4 və 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbələrinin məsul şəxsləri cəzalandırılaraq vəzifələri aşağı salınmışdır. Eyni zamanda, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişləri Ramiz Bəbirova və Elnur Əhmədova töhmət verilmiş, 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişi Mikayıl Cəfərov və baş məsləhətçi Təyyar Əhmədov isə dövlət qulluğundan azad edilərək, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.