Ermənilər Xocalıda dəhşətli soyqırımı həyata keçiriblər
Bakı, 25 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçiriblər. Xocalı faciəsi tariximizə qanla yazılıb.
Qeyd olunub ki, düşmən qanlı cinayəti keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayı ilə birlikdə törədib. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq xüsusi qəddarlıqla qətlə yetirilib.
Ermənilərin həyata keçirdikləri soyqırımını ört-basdır etməyə cəhd göstərdiklərini deyən rektor həqiqəti danmağın mümkünsüzlüyünü diqqətə çatdırıb.
Akademik Ə.Əmiraslanov Xocalı qırğınına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini xatırladıb. Bildirilib ki, qanlı faciə ilə bağlı dünya ölkələrinə məlumatlar verilməsi üçün Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyi tərəfindən geniş tədbirlər həyata keçirilir. Artıq bir sıra ölkələrdə Xocalı soyqırımı tanınıb.
Rektor yağı düşmən tərəfindən zəbt edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad olunacağına inamını vurğulayıb.
Əslən Xocalıdan olan professor Mübariz Allahverdiyev, dosent Səidə Zeynalova, Kəlbəcərdən olan dosent Nağdəli Zamanov və digər çıxış edənlər də qaniçən ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri qanlı hadisələrdən, vəhşiliklərdən bəhs ediblər.