Ermənilər Zəngilan meşələrindəki çoxillik ağacları tamamilə qırmışlar
Bakı, 29 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonunun işğalından 20 il keçir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, 1993-cü il oktyabrın 29-da erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Zəngilan rayonunda qızıl, əhəngdaşı, gil və qum-çınqıl qarışığı yataqları mövcud idi.
Meşələrlə və hər növ bitki örtüyü ilə zəngin olan Zəngilan rayonunun Muğanlı kəndində dağdağan, Mincivan qəsəbəsində 2 ədəd Şərq çinarı, Zəmiyeri adlanan sahədə palıd ağacları pasportlaşdırılaraq qorunurdu. Eyni zamanda, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, “xarı bülbül”, səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdı.
Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12 min 864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaq, Qotursu və Turşsu mineral bulaqları var idi.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları təmizlənmədən birbaşa Zəngilandakı Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanmışdır.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.
Rayonun Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılmışdır.