Ermənistan rəhbərliyi orduda baş vermiş qətllərdən də siyasi məqsədləri üçün istifadə edir
Bakı, 5 mart (AZƏRTAC). “Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində hərbi xidmət keçən əsgəri Albert Adibekyanı azərbaycanlı snayper vurmamışdır. Əsgər xidmət etdiyi hərbi hissədə öz yoldaşları tərəfindən vəhşicəsinə qətlə yetirildikdən sonra yaxın məsafədən snayper silahı ilə vurulmuşdur. Hərbi hissənin rəhbərləri cinayətin izini itirmək üçün Müdafiə Nazirliyinə əsgərin azərbaycanlı snayper tərəfindən vurulması haqqında yalan məlumat vermişlər. Müdafiə Nazirliyi isə məsələni araşdırmadan bu məlumatı kütləvi informasiya vasitələrinə ötürmüşdür”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin rəhbəri Ruben Martirosyan demişdir.
R.Martirosyan bildirmişdir ki, əsgərin valideynləri övladlarının ölümü haqqında cinayət işinin açılması və tez bir zamanda cinayətin özünə qəsd kimi dəyərləndirilib xitam verilməsindən şübhələnmişlər. Onlar ölümün əsl səbəbini öyrənməyə çalışsalar da buna nail ola bilməmişlər. Müdafiə Nazirliyindən və Hərbi Prokurorluqdan heç kim onları qəbul edib ölümün səbəblərini deməmişlər. Dövlət rəsmilərindən əllərini üzən valideynlər Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin rəhbərinə müraciət etmişlər. Sonuncu da öz növbəsində məsələni araşdıraraq cinayətin üstünü açmağa müvəffəq olmuşdur.
Erməni KİV-ləri (Armenia today agentliyi) isə məsələnin mahiyyətini belə izah edir: “Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə növbəti səfərləri ilə eyni vaxta təsadüf edən bu cinayət işindən faydalanmaq və bundan Azərbaycana qarşı istifadə etmək istəmişdir. Birincisi, Serj Sarkisyan hakimiyyəti həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də digər beynəlxalq təşkilatlara atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulduğunu göstərməyə çalışmışdır. Digər tərəfdən isə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə mane olmaq üçün Ermənistanın bəzi müğənniləri hakimiyyətin təhriki ilə bu müsabiqəni yayımlayacaq Avropa yayım şurasına məktubla müraciət edərək bildirmişlər ki, onlar Azərbaycan snayperinin erməni əsgər A.Adibekyanı qətlə yetirdiyinə görə Bakıya getməkdən imtina edirlər”.
Ermənistan hakimiyyətinin bütün bu planlarından sonra həqiqətin üzə çıxması bir daha onu göstərir ki, rəsmi Yerevan öz vətəndaşlarının cinayət yolu ilə qətlə yetirilməsini də siyasi məqsədləri üçün istifadə edir. Amma onların bu istəyi yenə də baş tutmamışdır.
Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin rəhbərinin hadisənin üstünü açması və cinayətin səbəblərini ictimaiyyətə çatdırması isə Ermənistan rəhbərliyini çox pis vəziyyətdə qoymuşdur.