Ermənistanda Azərbaycan Bayrağının yandırılması dünya idman ictimaiyyətinə həqarətdir - Ekspert
Bakı, 17 aprel, AZƏRTAC
Ermənistanda Azərbaycan Bayrağının yandırılması dünya idman ictimaiyyətinə həqarətdir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, əslində beynəlxalq idman yarışında ermənilərin belə vəhşilik törətməsi bütün dünya idman ictimaiyyətinə, o cümlədən bu tədbiri keçirən Avropa Ağır Atletika Federasiyasına həqarətdir: “Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə qitə çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması erməni vəhşiliyinin, onun xalqımıza olan etnik düşmənçiliyinin növbəti nümunəsidir. Baş verən bu təxribat Ermənistanın dünya idman ictimaiyyətinə həqarəti kimi qəbul edilməli, bütün dünya tərəfindən qınanmalıdır. Eləcə də beynəlxalq idman təşkilatları erməni barbarlığını cəzalandırmalı, rəsmi İrəvanla bağlı konkret addımlar atmalıdır. Çünki Ermənistanın belə yarışmada Azərbaycan Bayrağını nümayişkaranə şəkildə yandırması beynəlxalq qanunlara, idman etikasına, o cümlədən yarışın təşkilatçısı olan Avropa Ağır Atletika Federasiyasına açıq hörmətsizlik deməkdir. Həmçinin Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin bariz nümunəsidir. Bu, Ermənistanda rasizmin, milli, dini ayrı-seçkiliyin hökm sürdüyünü aydın göstərir. Avropa çempionatının rəsmi açılış hissəsində iştirakçı dövlətin bayrağının yandırılması o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq deyil. Odur ki, Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər.
Baş verən bu hadisə bir daha göstərdi ki, Ermənistan bu cür mötəbər idman yarışlarına ev sahibliyi etmək iqtidarında deyil. Bu amil gələcəkdə əlaqədar beynəlxalq idman təşkilatları tərəfindən nəzərə alınmalı, bir daha Ermənistana belə bir etimad göstərilməməlidir”.