SİYASƏT
ESTONİYADA “ESTON MƏKTƏBLƏRİNDƏ XALQLAR HƏFTƏSİ” LAYİHƏSİNƏ START VERİLMİŞDİR
Bakı, 8 oktyabr (AZƏRTAC). Estoniya Təhsil Nazirliyinin həyata keçirdiyi “Eston məktəblərində xalqlar həftəsi” layihəsinə start verilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, layihənin məqsədi eston məktəblilərini Estoniyada yaşayan milli azlıqlar və azsaylı xalqlarla tanış etməkdir. Bu ölkədə fəaliyyət göstərən həftə sonu məktəblərinin iştirakı ilə həyata keçirilən layihənin ideyasını dəstəkləyənlər arasında Azərbaycan Həftə sonu məktəbi də vardır. Layihədə milli azlıqlara və azsaylı xalqlara özlərini təqdim etməkdə sərbəstlik verilmişdir.
“Azərbaycan günü”nün ilk tədbiri Tallinndəki Köhnə şəhər Gimnaziyasında keçirilmişdir. Tədbirin ideya müəllifi və təşkilatçısı Estoniyadakı Azərbaycan Həftə sonu məktəbinin rəhbəri Sərvinaz Kərimovadır.
“Azərbaycan - odlar yurdu! ” şüarı altında keçirilən tədbir böyük maraq doğurmuşdur. Tamaşaçıların ümumi rəyinə görə “Azərbaycan günü” layihənin ən rəğbət qazanan hissəsi sayılmışdır. Gimnaziyanın kollektivi və tədbirə dəvət olunmuş qonaqlar bir gün ərzində məktəbin müxtəlif məkanlarında “Azərbaycan”la qarşılaşmışlar. Gimnaziyanın Böyuk sərgi zalında Azərbaycanın qədim sakinlərindən başlayaraq bu gününə kimi hər bir sahəni əhatə edən fotosərgidə milli geyimlərimiz, Azərbaycan xalçaları, musiqi alətlərimiz və digər eksponatlar da nümayiş etdirilmişdir. Konfrans zalında isə Azərbaycan dilində hazırlanmış “Bakı - qədim odun sirri” sənədli filmi eston dilində qaçan sətirlərlə nümayiş etdirilmişdir. Başqa bir zalda Azərbaycan milli rəqsi nümunələri təqdim olunmuşdur. Burada iştirakçılara milli rəqsimizin əsas elementləri barədə məlumatlar verilmiş və onların ifasında Azərbaycan milli rəqslərindən parçalar ifa edilmişdir. Məktəbin böyuk yemək zalında isə Azərbaycan milli mətbəxi haqqında bilgi verilmiş, yarpaq dolmasının hazırlanması qaydası əyani nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına da dolma bükməyi sınamaq imkanı yaradılmışdır.
Tədbirin sonunda iştirakçılar Azərbaycan mətbəxinin nümunələrindən ibarət yemək süfrəsinə dəvət olunmuşlar.
Bu layihə ilin sonuna qədər hər həftə Tallinnin müxtəlif məktəblərində davam etdiriləcəkdir.
######