Etibarlı enerji tədarükü infrastrukturun səmərəli idarə olunmasından başlayır - icraçı direktor
Bakı, 16 dekabr, AZƏRTAC
Tədarüklərin etibarlılığı və infrastrukturun istismar müddətinin uzadılması onun bütövlüyünün səmərəli idarə olunmasından asılıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “SOCAR Midstream Gas Operations”ın (SOCAR MGO) icraçı direktoru Polad Rüstəmov deyib. O bildirib ki, həm şirkətin, həm də hökumətin strategiyası həyata keçirilən layihələrin yüksək keyfiyyətini təmin etmək və sabit, etibarlı tərəfdaş kimi işgüzar nüfuzunu qorumaqdan ibarətdir. Avadanlıqları, kəmərləri və neft-qaz sahəsində digər infrastruktur cihazlarını korroziyadan və başqa təsirlərdən qorumaq olduqca zəruridir. Bu, etibarlılığı artırmaqla yanaşı, işgüzar nüfuzu da artırır.
“Etibarlılıq təkcə siyasi sabitlik, resursların mövcudluğu və imzalanmış sazişlərlə məhdudlaşmır. Bizim baxışımıza görə, bu, ilk növbədə, enerji resurslarının yataqlardan son istehlakçıya çatdırılmasına imkan verən infrastruktur deməkdir”, - deyə icraçı direktor qeyd edib. O bildirib ki, etibarlılığın təmin edilməsində əsas element infrastrukturun bütövlüyünün idarə edilməsidir. Vaxtında xidmət və monitorinq tələblərinə əməl edilməməsi baha başa gələn insidentlərə və ciddi nəticələrə səbəb ola bilər.
“Əgər biz aktivlərimizə vaxtında qayğı göstərmiriksə və infrastrukturun bütövlüyünün idarə olunması üzrə yaxşı düşünülmüş proqramı düzgün tətbiq etmiriksə, nəticələrin aradan qaldırılması daha baha başa gələ bilər, - deyə P.Rüstəmov vurğulayıb.