Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin ilkin layihəsi üzrə Şəki şəhərində ictimai dinləmələr keçirmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və “ConocoPhillips Exploration Azerbaijan Ltd. (CoP)” şirkəti arasında Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişi imzalanmışdır.
Bu sazişin bir hissəsi kimi ikiölçülü seysmik işlərin yerinə yetirilməsi üçün hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ilkin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün ictimai dinləmələr keçirilməsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, ilk görüş layihənin əhatə etdiyi Qax, Şəki, Oğuz, Mingəçevir üzrə Şəki şəhərindəki “Şəki Saray” otelində keçirilmişdir. Görüşdə yerli icra orqanları, icma nümayəndələri, qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər maraqlı tərəflərin nümayəndələri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional təşkilatlarından 50-dən artıq nümayəndə iştirak etmişdir.
İştirakçılara CoP və ARDNŞ-in Ekologiya İdarəsinin əməkdaşları tərəfindən 2D - ikiölçülü seysmik işlərin yerinə yetirilməsinin mahiyyəti haqqında məlumat verilmiş, suallar cavablandırmış, layihə üzrə rəy və təkliflər öyrənilmişdir.
ƏMTQ layihəsinin əhatə etdiyi 14 rayon üzrə 3 şəhərdə ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. ƏMTQ sənədi layihənin əhatə etdiyi rayonların mərkəzi kitabxanalarına yerləşdirilərək ictimaiyyətin sənədlə sərbəst tanış olmasına şərait yaradılacaqdır.