DÜNYA
“EUobserver”: Brüsselin “qara siyahı”sına daha 54 şəxs və 29 təşkilat salınacaq
Bakı, 28 noyabr, AZƏRTAC
Avropa İttifaqının Rusiya əleyhinə 15-ci sanksiya paketinin “qara siyahı”sına 54 şəxs və 29 təşkilat daxil ediləcək.
AZƏRTAC xəbər verir ki, “EUobserver” portalı bu barədə sənəd layihəsinə istinadla məlumat yayıb. Eyni zamanda, yeni sanksiyalar paketində 34 şirkət və 47 gəmi əlavə nəzarətin tələb olunduğu “boz siyahı”ya salınacaq.
Portalın məlumatına görə, Brüsselin “qara siyahı”sının böyük hissəsi həmişə olduğu kimi Rusiya vətəndaşlarını əhatə edir. Buraya, həmçinin KXDR-in yüksəkrütbəli generalı, Niderlandın neft treyderləri və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəsi olan biznesmen daxil ediləcək. İranın “Şəhid” tipli dronları da məhdudiyyətlərə məruz qalacaq. “Boz siyahı”ya isə Serbiya, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri əlavə olunacaq.
Avropa İttifaqının Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin müzakirəsi noyabrın 27-də başlayıb.