Evdə təhsilə cəlb olunan qusarlı məktəbli tələbə adını qazanıb
Qusar, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusarda evdə təhsilə cəlb olunan istedadlı məktəbli tələbə adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin məzunu Ağababayeva Nuranə Ağababa qızı Bakı Mühəndislik Universitetində təhsil alacaq. İmtahanlarda ümumilikdə 313.3 bal toplayan Nuranə biznesin idarə edilməsi ixtisası üzrə təhsil alacaq. Bu, Qusar təhsilində ilk belə hadisədir. Nuranə Ağababayeva səhhəti ilə əlaqədar birinci sinifdən başlayaraq məzun olanadək evdə təhsil alıb. İstedadlı gənc yaradıcılıq uğurları ilə həmyaşıdları arasında seçilir. Nuranənin əl işləri regionda keçirilən sərgilərdə nümayiş etdirilib.
Bu il Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin 8 məzunu ali məktəblərə qəbul olub.