EVLƏR SAKİNLƏRİNİ GÖZLƏYİR
On ildən artıq bir müddətdə Bərdə rayonu ərazisindəki çadır düşərgələrində ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin bir qismi bu günlərdə Ağdam rayonunun Bənövşələr və Səfərli kəndləri ərazisində salınmış yeni abad qəsəbələrə köçürüləcəkdir. 390 məcburi köçkün ailəsinin yolunu gözləyən Bənövşələrdə tikilmiş yeni qəsəbədə məktəb, uşaq bağçası, rabitə evi, feldşer-mama məntəqəsi, klub-ictimai mərkəz və s. sosial obyektlərdə tikinti işləri tamamlanmışdır.
“Bənövşələr-1” adlanan ərazidə salınmış yeni qəsəbədə işlər 10-15 günə başa çatacaq və həmin qəsəbədə 70 ailə məskunlaşacaqdır.
Ağdam rayonu ərazisindəki İmamqulubəyli, “Dördyol”, Quzanlı, Qasımbəyli, Baharlı və başqa yerlərdə yeni yaşayış qəsəbələrinin tikintisi sürətlə davam etdirilir.