FAŞİST DİKTATORU MUSSOLİNİNİN SONUNCU OĞLU ÖLMÜŞDÜR
Duçenin oğlu dünya şöhrətli italyan aktrisası Sofi Lorenin bacısı Mariya Şikoloneyə evlənmişdi. Bu nikahdan onların iki qızı doğulmuşdu: Elizabetta və Alessandra. Sonuncu deyir ki, biz soyadımıza görə ötən illərdə çox əziyyət çəkdik. Atam caz orkestri ilə çıxış edirdi və konsertlərdə onu tez-tez təhqir edirdilər, çünki o, duçenin oğlu idi. Sonralar sağ təmayüllü Milli Alyans Partiyasından İtaliya parlamentinin deputatı seçilən Alessandra Mussolini hazırda Avropa Parlamentinin deputatıdır.
Romanonun aktrisa Karla Puççi ilə ikinci nikahından daha bir qızı olmuşdur.
İtaliya faşistləri liderinin kiçik oğlu 2004-cü ildə çapdan çıxmış “Duçe mənim atamdır” kitabında İkinci Dünya müharibəsinin axırlarında onun xilas edilməsi üçün plan hazırlandığından söhbət açır. Plana görə, duçe 1945-ci ilin aprelində İtaliyanın Qard gölü sahilindən İspaniyaya aparılacaqdı. O vaxt Mussolini İspaniya generalissimusu Fransisko Frankonun köməyinə ümid bəsləyirdi, amma İspaniyaya qaçmaq əməliyyatı nə səbəbdənsə baş tutmadı. İtalyan diktator tezliklə partizanlar tərəfindən tutuldu və 1945-ci il aprelin 28-də güllələndi.
Franko belə planın olduğunu Romano Mussolini ilə 1963-cü ildə Madriddə söhbətdə şəxsən təsdiqləmişdi. Hər iki diktatoru – Mussolini və Frankonu qarşıllıqlı heyranlıq və ümumi siyasi məqsədlər birləşdirirdi.