FEDERİKO QARSİA LORKANIN QƏTLİNİ QOHUMLARI TƏŞKİL ETMİŞLƏR
Lorka 1936-cı ilin avqustunda öldürülmüş və bu hadisənin 70 illiyi ərəfəsində filmin yaradıcıları bütün İspaniya üçün əzablı olan belə bir sirri açmağı qərara almışlar – məşhur şair və dramaturqu kim öldürüb və o, harada dəfn edilmişdir.
Onların əldə etdikləri yeni materiallara görə, Lorkanın öldürülməsinin əsil səbəbləri şairin ailəsi ilə qohumları – Roldan və Albanın ailələri arasında çoxəsrlik düşmənçiliklə bağlıdır. Məsələ bundadır ki, Lorkanın “Bernard Albanın evi” adlı məşhur pyesi onun qohumlarını cinləndirmişdir. Qohumlar zalım Əndəlis matriarxı haqqında əsəri şəxsən onlara qarşı yönəldilmiş böhtan kimi başa düşmüşlər. Bundan başqa, siyasi səbəblər də mövcud idi – Qarsia Lorkanın ailə üzvləri respublikaçıların tərəfini saxlayır, Roldanlarla Alba isə qatı frankoçular idi.
Filmin yaradıcıları deyirlər ki, Lorkanın qətlə yetirilməsnin arxasında onun yaxın qohumları – varlı Qranada mülkədarları Orasio və Migel Roldanlar dururlar. Onlar general Frankonun hərbi qiyamını qızğınlıqla dəstəkləyir və faşistpərəst “ölüm batalyonları”nın təşkilatçıları idilər. Bu batalyonlar İspaniyada Vətəndaş müharibəsinin ilk qanlı həftələrində Qranada bölgəsini qana qərq etmişdilər. Roldanların təhriki ilə Qarsia evdən aparılmış və respublikaçı, kommunist olduğu üçün güllələnmişdi. Şairin bilavasitə qatili, həmçinin qohumu olan Xuan Luis Treskastro Medina adlı birisi elə həmin gecə barda öyünə-öyünə demişdi: “Mən onun kəlləsinə iki güllə çaxdım”.
Nəzərdə tutulduğuna görə, film ekranlara sentyabrda çıxacaqdır.
Lorkanın yaradıcılığı kimi, öldürülməsi də Frankonun 36 illik diktaturası ərzində yasaq mövzu olmuşdur. 1975-ci ildə Frankonun ölümündən sonra 1936-cı ilin avqustunda əslində nələr baş verdiyini aydınlaşdırmaq, habelə şairin dəfn edildiyi yeri tapmaq üçün ara-sıra cəhdlər göstərilmiş, lakin bu cəhdlər Lorkanın qohumları tərəfindən müqavimətlə qarşılanmışdır. Deyilənlərə görə, Federiko Qarsia Lorka Qranada yaxınlığındakı zeytunluqda dəfn edilmişdir.