Fərid Məmmədov: DOST modeli müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib
Bakı, 19 iyun, AZƏRTAC
Yeddi ildən artıq fəaliyyət dövründə DOST modeli Azərbaycanda sosial xidmətlərin göstərilməsi və bu sahədə aparılan islahatların həyata keçirilməsində mühüm töhfə verib. Hazırda DOST şəffaflıq, operativlik, əlçatanlıq və rəqəmsal yeniliklərə əsaslanan, vətəndaşyönümlü və uğurlu “bir pəncərə” sosial xidmət modeli kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “İnteqrasiya olunmuş və məlumatlara əsaslanan xüsusi mühafizə sistemlərinin inkişaf etdirilməsi: xidmətlər və innovasiyalar üçün vahid sağlamlıq modelləri və mükəmməllik mərkəzləri” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, DOST modeli müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib və bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
“Bu gün dünyanın müxtəlif ölkələri və qurumları sosial xidmətlərin daha səmərəli təşkili üçün innovativ yanaşmalar axtarırlar. İnanırıq ki, sosial siyasət sahəsində innovativ həllərin tətbiqi, rəqəmsal transformasiya, məlumat əsaslı idarəetmə və süni intellekt texnologiyalarının təcrübəsi daha geniş şəkildə paylaşılmalıdır. Bu, həm daha böyük nəticələr əldə etməyə, həm də insanların rifahının yüksəldilməsinə xidmət edə bilər. Məhz bu prinsiplər əsasında DOST Mükəmməllik Mərkəzi təşəbbüsü irəli sürülüb. Əsas məqsədimiz bilik mübadiləsini, təlim fəaliyyətini və beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaqdır. Mərkəz elmi-tədqiqat işlərini dəstəkləyəcək, rəqəmsal texnologiyalar və süni intellektə əsaslanan həllərin tətbiqini təşviq edəcək, müxtəlif tədris proqramları həyata keçirəcək, eyni zamanda, hökumətlər, beynəlxalq təşkilatlar və ekspertlər arasında əməkdaşlığın genişlənməsi üçün yeni platformalar yaradacaq. Bu təşəbbüsü təkcə Azərbaycan üçün əhəmiyyətli bir resurs kimi deyil, həm də regionda və İslam ölkələrində sosial xidmətlərin inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması kimi görürük”, – deyə F. Məmmədov bildirib.