Fermer və sahibkar kənd qadınlarının bazara çıxış imkanları müzakirə olunub
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) Beynəlxalq Məsləhət Şurasının sədri, beynəlxalq ekspert Tara Şarafudin Azərbaycana gəlib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq ekspert AKQA ofisinə baş çəkərək assosiasiyanın sədri Gülbəniz Qənbərova ilə görüşüb. Görüşdə 2019-2023-cü illər ərzində ölkədə yaranmış Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyəti, beynəlxalq və yerli əməkdaşlıqlar, başa çatmış və icra olunan layihələr, assosiasiyanın inkişaf imkanları təhlil olunub və müvafiq məsləhətlər verilib, həmçinin assosiasiyanın Strateji Planında dəyişikliklərin aparılması zərurəti vurğulanıb. Müzakirə olunan məsələlər arasında fermer və sahibkar kənd qadınlarının bazara çıxış imkanları da mühüm yer alıb.
Bakıda olduğu müddət ərzində assosiasiya sədri “Şəhərdən kəndə” yarmarkasına baş çəkərək öz məhsulları ilə yarmarkada iştirak edən AKQA üzvləri “olmaqla üç Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələri ilə də görüşüb.
Məhsulların brendləşməsi, qablaşdırılması və satışı ilə bağlı maraqlı təkliflər irəli sürən T.Şarafudinin yarmarkaya gəlişi assosiasiya üzvləri tərəfindən maraqla qarşılanıb.
Yarmarkaya səfəri zamanı AKQA sədri G.Qənbərova və Beynəlxalq Məsləhət Şurasının sədri T.Şarafudin Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat Şirkətinin Yarmarkaların təşkili şöbəsinin müdiri Mirşöhrət Hüseynzadə ilə kənd qadınlarının məhsullarının satışı ilə bağlı maraqlı ideyalar müzakirə olunub.
Xatırladaq ki, T.Şarafudin Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşən və 2019-cu ildə başa çatmış Azərbaycan Kənd İnvestisiya layihəsinin 2016-2019-cu illər ərzində tapşırıq meneceri olub.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının kollektiv qadın bizneslərinin və qadın kooperativlərin yaranmasında bir alət kimi istifadə etdiyi “Qadın Özünə-kömək Qrupu” modelinin ölkədə uğur qazanmasında da T.Şarafudinin böyük xidmətləri olub.