Fernando Alonso: Şumaxer bütün zamanların ən böyük pilotudur
Bakı, 23 noyabr, AZƏRTAC
“McLaren”in pilotu Fernando Alonso Formula 1-in alman yürüşçüsü Mixael Şumaxer haqqında fikirlərini söyləyib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Şumaxer bütün zamanların ən böyük pilotudur.
F.Alonso “Sportbild”ə müsahibəsində əlavə edib: “Formula 1-ə gəldiyimdə Şumaxer mənim üçün bir örnək idi. Mənim iki qələbəm - 2005 və 2006-cı illərdəki çempionluğum xüsusi əhəmiyyətə malikdir, çünki onları bu böyük pilot ilə mübarizədə qazanmışam. Özü üçün yaxşı gündə və yaxşı avtomobildə məğlubedilməz olan bu pilotla mübarizə aparmaq ağlasığmaz dərəcədə çətin idi. Hətta pis əhval-ruhiyyədə və pis maşında da o, yaxşı olaraq qalırdı”.
2013-cü ilin dekabrında fransız Meribelində dağ xizəkçiliyi ilə məşğul olan Şumaxer ciddi zədə alıb və ağır kəllə-beyin travması diaqnozu ilə uzun müddət müalicə olunub. Pilot o vaxtdan bəri dərin koma vəziyyətindədir, 2014-cü ilin sentyabrından isə Cenevrə gölünün sahilində yerləşən villasında müalicə-bərpa kursu keçir. Yaxınları onu KİV-lərin diqqətindən etibarlı şəkildə qoruyur və bu səbəbdən Şumaxerin səhhəti haqqında məlumatlar çox azdır.