Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
Albinizm qeyri-yoluxucu, genetik irsi fərqdir. Bu sindromun demək olar ki, bütün növləri halında, hətta özləri albinizmdən əziyyət çəkməsələr də, onun ötürülməsi üçün hər iki valideyn bu genin daşıyıcısı olmalıdır. Belə vəziyyət etnik mənsubiyyətindən asılı olmayaraq hər iki cinsdən olan insanlarda və dünyanın bütün ölkələrində baş verir.
Albinizmin yayılma coğrafiyası müxtəlif olsa da, Şimali Amerika və Avropada hər 20 min nəfərdən birində albinizmin hansısa formada qeydə alındığı təxmin edilir. Bu vəziyyət Afrikanın Səhra regionundan cənub-şərqdə yerləşən ölkələrdə daha çox rast gəlinir (hər 5000 nəfərdən 1 insan).
Albinizm saçda, dəridə və gözlərdə piqmentin (melanin) çatışmazlığı ilə nəticələnir ki, bu da Günəş şüasına və parlaq işığa qarşı həssaslığa səbəb olur. Nəticədə, demək olar ki, bütün albinizmi olan insanlarda görmə pozğunluğu var və dəri xərçənginə tutulma ehtimalı daha yüksəkdir. Başqa sözlə, yer üzünə həyat bəxş edən, qaranlığı dağıdan Günəş albinosların həyatını məhdudiyyətlərlə dolu qaranlığa da qərq edə bilir. Buna baxmayaraq, bəziləri taleyin yaratdığı bu ziddiyyəti qaranlığa çevirmir, əksinə, öz fərqliliklərini işığa çevirərək ətraflarına ümid saçırlar. Elə azərbaycanlı gənc müğənni Anara Məmmədova kimi.
AZƏRTAC-ın əməkdaşları 13 İyun – Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü ərəfəsində Anara Məmmədova ilə həmsöhbət olub, onun sevgi dolu hekayəsini öz dilindən eşidib.
Anara Məmmədova 1991-ci ildə Bakıda anadan olub. O, ailənin tək övladıdır və hazırda anası ilə birlikdə yaşayır. Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı fakültəsinin 3-cü kurs tələbəsidir. Milli Konservatoriyaya qəbul olmazdan əvvəl isə Bakı Neft-Energetika Kollecini bitirib. Hazırda həm də Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi sahəsi üzrə benefisiar olaraq fəaliyyət göstərir.
Albinizm: Ailənin münasibəti və şəxsi baxışı
Anara Məmmədovanın dünyaya gəlişini ailəsi sevinclə qarşılayıb. Həmin vaxt, doxsanıncı illərin əvvəlində albinizm haqqında məlumatların məhdud olması səbəbindən onun fərqli görünüşü həm də ətrafdakı insanların diqqətini çəkib. Uşaqlıq illərində zaman-zaman fərqli münasibətlərlə qarşılaşsa da, bu gün cəmiyyətdə ona qarşı mənfi və ya zorakı münasibətin olmadığını vurğulayır. Əksinə, insanların bir qismi onun fərqli görünüşünü maraq və rəğbətlə qarşılayır, saçlarının və gözlərinin rəngi ilə bağlı xoş sözlər söyləyirlər:
“Xalq arasında “albinizmin 7 nəsildən bir gəldiyi” barədə mif olsa da, bizim nəslimizdə əvvəllər albinos olmayıb. Mən kiçik yaşlarımda həmyaşıdlarımdan və ya balaca uşaqlardan fərqli münasibət görmüşəm. O vaxtlar internet imkanları bu qədər geniş deyildi. İndi insanlar hansısa sosial şəbəkəyə girir, yaxud “google” axtarış sistemi vasitəsilə hansısa məlumatı yazaraq bir diaqnoz və ya xəstəlik haqqında maariflənə bilirlər”, - deyə gənc ifaçı qeyd edir.
Albinizm Anaranın həyatında yalnız xarici görünüş fərqliliyi yaratmayıb. Bu genetik xüsusiyyət görmə qabiliyyətinin zəifliyi və işığa qarşı həssaslıq kimi çətinlikləri də özü ilə gətirib. Buna baxmayaraq, o, bu məhdudiyyətlərin həyatını çətinləşdirməsinə imkan vermir və öz potensialına inanır. Onun fərqli görünüşü hətta adının seçilməsinə də təsir göstərib. Ailəsi həmin dövr üçün nadir sayılan Anara adını məhz bu fərqliliyi nəzərə alaraq seçib.
“Düşünürəm ki, mənim potensialım çoxdur. Ancaq bəzi çətinliklər yaşayıram. Gözümün rənginin fərqli olması ilə yanaşı, zəif görürəm. İşığa qarşı həssasam. Söz yaddaşı ilə bağlı da problem yaşayıram. Mahnının sözlərini pepitordan oxuya bilmirəm, gərək əzbərləyəm”, - deyə həmsöhbətim bildirir.
Anara xanım albinizmi bir nöqsan və ya xəstəlik deyil, bir seçilmişlik kimi qəbul edir.
Albinizm həqiqətləri
Anara Məmmədovanın həyat yolunda ağır sınaqlar da az olmayıb. O, uşaqlıq illərində Günəş şüalarının yaratdığı təhlükə ilə üzləşib. Səkkiz yaşında olarkən aldığı ağır yanıq xəsarətləri nəticəsində həyati təhlükə ilə qarşılaşan Anara xanım həmin hadisəni həyatının ən çətin dönəmlərindən biri kimi xatırlayır. Nənəsi ənənəvi müalicə üsulları ilə onu həyata qaytarıb. Bu gün isə yaşadığı təcrübədən çıxış edərək valideynləri daha diqqətli olmağa çağırır. Bildirir ki, albinizm diaqnozu qoyulan uşaqların sağlamlığına xüsusi həssaslıqla yanaşılmalı, onların Günəş şüalarından qorunmasına və görmə qabiliyyətinin daha da zəifləməməsi üçün texnoloji cihazlardan istifadəsinə nəzarət edilməlidir.
Anara xanımın həyatında musiqinin xüsusi yeri var. O, “Yeni Avaz” layihəsində iştirak edərkən siyahıdan Xalq artisti Röya Ayxanın “Sən və mən” mahnısını seçib. Daha sonra mahnı Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşları tərəfindən yeni aranjimanda hazırlanıb və onun ifasında təqdim olunub. Bu ifa tanınmış müğənni tərəfindən də yüksək qiymətləndirilib. Anara xanım sonradan sevdiyi müğənni ilə eyni səhnəyə də çıxıb.
Digər sənətçilərlə duetlər və Avroviziya arzusu
Anara Məmmədovanın musiqi fəaliyyəti təkcə bir layihə və ya bir səhnə təcrübəsi ilə məhdudlaşmır. O, indiyədək müxtəlif tanınmış sənətçilərlə eyni səhnəni bölüşmək imkanı da əldə edib. Bunlar arasında Azərbaycanın Avroviziya təmsilçilərindən biri olan Elnur Hüseynovla səhnədə yer alması da var. Onlar Xalq artisti Emin Ağalarovun repertuarına aid “Moy Azerbaydjan” mahnısını birlikdə ifa ediblər.
Anara xanım ən böyük arzularından birinin Xalq artisti Röya Ayxanla studiyada duet oxumaq, həmçinin ölkəmizi Avroviziya musiqi yarışmasında təmsil etmək olduğunu vurğulayır.