Fəsil dəyişkənliyi dövründə COVID-19-a yoluxma hallarında dalğalanmaların müşahidə olunması normaldır
Bakı, 11 aprel, AZƏRTAC
Son zamanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında dalğalanmaların qeydə alınması, hətta aprelin 5-də yoluxma sayının 100-ü keçməsi vətəndaşlarda narahatlıq yaradıb. İlk öncə bunu hər kəs bilməlidir ki, Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi koronavirus da digər respirator infeksiyalar kimi hər zaman bizimlə olacaq. Fəsil dəyişkənliyi insan orqanizminə təsirsiz ötüşmür və immun sistemində dəyişikliklərə səbəb olur. İmmun sistemi zəiflədiyi hallarda isə viruslara, eləcə də koronavirusa yoluxmaq mümkündür. Odur ki, belə olan təqdirdə COVID-19-a yoluxma hallarında dalğalanmalar müşahidə oluna bilər.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Qeydə alınan dalğalanmaların böyük təhlükə olmadığını bildirən mütəxəssis deyib: “Vətəndaşlar hər zaman tövsiyə olunan qaydalara riayət etsələr, həm özlərini, həm də yaxınlarını qoruya bilərlər. Özlərində respirator infeksiya əlaməti hiss edənlərin təcrid olunması, PZR testi verərək COVID-19-a yoluxub-yoluxmadığını müəyyənləşdirməsi vacibdir. Bundan başqa, əl gigiyenasına əməl edilməsi, respirator əlamətləri olan insanla ünsiyyət qurmağa məcbur olanların maskadan istifadə etmələri məsləhət görülür. Yuxu rejiminə, düzgün qidalanma qaydalarına riayət etmək, açıq havada gəzmək, fiziki cəhətdən aktiv olmaqla immun sistemini gücləndirmək mümkündür. Belə olan halda koronavirus və digər respirator infeksiyalara yoluxma riski xeyli azalır”.