FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib
Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Agentlik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib.
Tədbirlərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyənləşdirilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstəriş, habelə tövsiyə verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.
İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.
Həmçinin həyata keçirilmiş tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərilərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı görülməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib.